İQTİSADİYYAT
“ASAN xidmət”in saytı fəaliyyətə başlamışdır
Bakı, 8 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN xidmət” mərkəzinin saytı fəaliyyətə başlamışdır. Vətəndaşlar “asan.gov.az” portalına daxil olmaqla mərkəz tərəfindən göstəriləcək xidmətlərin növləri ilə tanış ola bilərlər.
“ASAN xidmət” mərkəzinin saytında “Onlayn növbə” bölməsi vətəndaşlara göstərilən xidmətlərdən istifadə məqsədi ilə onlayn növbə tutmaq imkanı yaradacaqdır. Bu sistem yanvarın 15-dən istifadəyə veriləcəkdir. Tezliklə fəaliyyətə başlayacaq “Çağrı” mərkəzləri vasitəsilə vətəndaşlar internet və ya telefonla bütün xidmət növləri və tələb olunan sənədlər barədə məlumat ala bilərlər. Respublikanın istənilən regionundan stasionar telefonlardan birbaşa “108” nömrəsinə edilən zəng və aparılan danışıq, habelə “Çağrı” mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.
“Özünə xidmət” bölməsində daim internetə açıq olan kompyuterlər vasitəsilə vətəndaşların bütün növ elektron xidmətlərdən yararlana bilmək imkanı nəzərdə tutulmuşdur. Kompyuteri olmayan vətəndaşlar mövcud elektron xidmətlərdən yararlanmaq üçün “ASAN xidmət” mərkəzlərinə gəlib daim internetə açıq kompyuterlərdən istifadə edə bilərlər. Bundan əlavə, vətəndaşlar digər bölmələrə də daxil olmaqla Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, müvafiq qanunvericilik, həmçinin digər qurumlarla bağlı zəruri məlumatlar əldə edə bilərlər.