SİYASƏT
AŞPA-da müzakirə olunan “Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması” adlı hesabat Azərbaycan nümayəndə heyətinin narazılığına səbəb olmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). AŞPA-nın qış sessiyasının yanvarın 27-dəki son plenar iclasında “Əhalinin məcburi köçürülməsi: insan hüquqlarının pozulması” mövzusunda hesabatı dinlənilmişdir.
AZƏRTAC xəbər verir ki, AŞPA-nın İnsan haqları və hüquqi məsələlər Komitəsinin sədri, litvalı deputat Egidiyus Vareikisun təqdim etdiyi hesabatda azərbaycanlı qaçqın və məcburi köçkünlərlə bağlı məlumat öz əksini tapmamışdır.
Cənubi Qafqazda bu problemlə bağlı durum ümumi qeyd edilmişdir. Bu isə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın narazılığına səbəb olmuşdur. Azərbaycanlı deputat əhalinin öz torpaqlarından zorla köçürülməsinin çox ciddi bir məsələ olduğunu bildirmişdir. Q.Paşayeva qeyd etmişdir ki, biz Avropa Şurasının bu problemin həllinə ciddi dəstək verməsini istəyirik, amma məruzəçi hesabatda göstərir ki, Qafqaz regionunda da baş verən hadisələrdə əhalinin zorla köçürülməsi halları vardır. Hesabatda bu məsələni konkret və aydın yazmaq lazımdır.
Azərbaycanlı deputat diqqətə çatdırmışdır ki, 1988-ci ildə Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 250 minə yaxın azərbaycanlının öz torpaqlarından, öz evindən zorla qovulması bu məruzədə qeyd edilməlidir. Biz bu faktın sənəddə öz əksini tapmasını istəyirik. Eyni zamanda, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yüz minlərlə azərbaycanlı məcburi köçkünə çevrilmişdir. Q.Paşayeva bildirmişdir ki, bu halların məruzədə ciddi şəkildə əksini tapması vacibdir. O, qeyd etmişdir ki, hər bir kəsin haqları qorunmalıdır. Amma burada söhbət yüz minlərlə insandan gedir. Bu insanlarla bağlı məsələ hesabatda açıq şəkildə əksini tapmalıdır.