SİYASƏT
AŞPA-nın həmməruzəçiləri Ədliyyə Nazirliyində olmuşlar
Bakı, 13 iyun (AZƏRTAC). Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan və Avropa Şurası (AŞ) arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizin AŞ qarşısında götürdüyü öhdəliklərin icrası vəziyyəti müzakirə edilmişdir. Həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyi, vətəndaşların ədalət mühakiməsinə çatımlığının asanlaşdırılmasına xidmət edən məhkəmə infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, habelə penitensiar sistemin islahatı və digər maraq kəsb edən məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Həmməruzəçilər ölkəmizdə gedən demokratik prosesləri diqqətlə izlədiklərini bildirmiş, Ədliyyə Nazirliyi ilə səmərəli qarşılıqlı fəaliyyətə görə minnətdarlıqlarını ifadə etmişlər.