İDMAN
AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ, MİLLİ OLİMPİYA KOMİTƏSİNİN PREZİDENTİ İLHAM ƏLİYEV BOKS ÜZRƏ DÜNYA ÇEMPİONATININ MÜKAFATÇILARI İLƏ GÖRÜŞMÜŞDÜR
Tailandda keçirilmiş boks üzrə dünya çempionatında böyük uğur qazanmış idmançılarımızı təbrik edən İlham Əliyev onların Afinada olimpiya oyunlarında da ölkəmizin idman şərəfini uca tutacaqlarına ümidvar olduğunu söylədi. Beynəlxalq Boks Federasiyası ilə Azərbaycan Milli Olimpiya Komitəsi arasında səmərəli əməkdaşlığın olduğunu vurğulayan İlham Əliyev bu idman növü üzrə gələn il ölkəmizdə lisenziya turnirinin keçiriləcəyini bildirdi. O, taekvondo və voleybol üzrə olimpiya lisenziya turnirlərinin də ölkəmizdə təşkil olunacağını qeyd etdi.
İlham Əliyev bir daha vurğuladı ki, hazırda Milli Olimpiya Komitəsinin rəhbərliyi əsas diqqəti gələn ilin yayında Afinada keçiriləcək olimpiya oyunlarına yönəltmişdir. Bütün idman növləri üzrə bu oyunlara ciddi hazırlıq aparılır. Onun sözlərinə görə, boksçularımızın parlaq qələbəsi onların olimpiya oyunlarında da müvəffəqiyyətlə çıxış edəcəyinə inam yaradır.
Milli Olimpiya Komitəsinin Prezidenti son illər ərzində idmanda əldə olunmuş nailiyyətləri dövlətimizin başçısı Heydər Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı ilə əlaqələndirdi.
Respublika Boks Federasiyasının prezidenti Ağacan Əbiyev görüşdə çıxış edərək, Azərbaycanda idmana dövlət qayğısından danışdı və dedi ki, indi bir çox ölkələr bizim idmanda qazandığımız nailiyyətlərə həsədlə baxır. O, Tailandda keçirilən boks üzrə dünya çempionatında Beynəlxalq Olimpiya Komitəsinin, idman federasiyaları və təşkilatları rəhbərlərinin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatındakı fəaliyyətini yüksək qiymətləndirdiklərini vurğuladı.
Sonra Ağacan Əbiyev MOK-un prezidentinə Beynəlxalq Boks Federasiyasının xüsusi kubokunu verərək, onun Azərbaycan Prezidenti Heydər Əliyevə təqdim olunmasını xahiş etdi.
Dünya çempionu Ağası Məmmədov idmançılara göstərilən qayğıya görə Milli Olimpiya Komitəsinin, respublika Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Görüşdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev iştirak edirdi.