SİYASƏT
Astanada TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin üçüncü müşavirəsi başa çatmışdır
Astana, 14 sentyabr (AZƏRTAC). Astananın türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar bu şəhərdə TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin üçüncü müşavirəsi öz işini başa çatdırmışdır.
Müşavirədə TÜRKSOY-un üzvü olan ölkələrin və Rusiyanın türkdilli subyektlərinin nümayəndələri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, UNESCO-nun regional ofisinin təmsilçiləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, siyasətçilər, ekspertlər iştirak etmişlər.
Tədbirdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının (MK) baş katibi Günel Əfəndiyevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak etmişdir.
Sentyabrın 14-də müşavirənin bölmələr üzrə keçirilən iclaslarında UNESCO-nun “İnsan və biosfer” proqramının Azərbaycan milli komitəsi sədrinin müavini, professor Şaiq İbrahimov çıxış edərək ölkəmizdə təbiətin qorunması sahəsində aparılan işlər haqqında məlumat vermişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan məruzəçi demişdir ki, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur və bu ərazilərdə təbiətin mühafizəsi sahəsində ağır vəziyyət yaranmışdır.
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin bölmə müdiri Cahangir Səlimxanov qeyri-maddi mədəni irsin qorunması sahəsində ölkəmizdə görülən işlər haqqında məlumat vermişdir. Bildirilmişdir ki, nazirlikdə bununla əlaqədar xüsusi bölmə yaradılmışdır.
UNESCO assosiativ məktəblərinin Azərbaycandakı əlaqələndiricisi Xumar Əhmədbəyli Azərbaycanda təhsil sahəsində həyata keçirilən layihələrdən danışmışdır.
Müşavirə iştirakçıları Astananın görməli yerlərində də olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana