Astarada Aprel şəhidi Pəncəli Teymurovun xatirəsi yad olunub VİDEO
Astara, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Astarada Aprel döyüşlərində şəhid olmuş gizir Pəncəli Teymurovun anım tədbirlərində igid döyüşçünün xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimlərində şəhidin döyüş yoldaşları, hərbçilər, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin evində keçirilən mərasimdə çıxış edənlər gizir Pəncəli Teymurovun Aprel döyüşlərində göstərdiyi şücaətdən, igidliyindən danışaraq, onun ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.
Şəhidin atası Nurməmməd Teymurov oğlu ilə fəxr etdiyini vurğulayaraq deyib: “Mən öz şəhid oğlumla qürur duyuram. Allah bütün şəhidlərə rəhmət eləsin. Bizim qüdrətli ordumuz var, onların qanı yerdə qalmayacaq”.
Mərasimdə şəhid gizirin hərbçi yoldaşı Ramin Vəliyev Pəncəli Teymurovun ona bağışladığı kitabı anasına hədiyyə edib.
Sonra tədbir iştirakçıları şəhid Pəncəli Teymurovun məzarını və ev-muzeyini ziyarət ediblər.
Astara Pedaqoji Kollecində keçirilən anım tədbirində də şəhid Pəncəli Teymurovun xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Kollecin direktoru Ağababa İbrahimov Azərbaycan əsgərinin, o cümlədən şəhid Pəncəli Teymurovun Aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqdan danışıb.
Rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev çıxışında bildirib ki, Vətənimizin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hərbçilərimizin ömür yolu gənclərə nümunədir. Bu günün tələbəsi sabahın əsgəridir. Gənclərimiz hər zaman Vətənin müdafiəsinə hazır olmalıdırlar.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov, Aprel döyüşlərinin iştirakçısı Orxan Əliyev, şəhid Pəncəli Teymurovun atası Nurməmməd Teymurov və qardaşı Famil Teymurov çıxış ediblər.
Mərasim iştirakçıları kollecdə Astara Rayon Dövlət Rəsm Qalereyasının hərbi-vətənpərvərlik mövzusunda təşkil etdiyi rəsm sərgisi ilə tanış olub, Qarabağ müharibəsində hərbçilərimizin qəhrəmanlığını, onların keçdiyi döyüş yolunu əks etdirən videoçarxa baxıblar.
Kollecinin tələbələri hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Qeyd edək ki, Pəncəli Teymurov 1981-ci ildə Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Asxanakaran kənd orta məktəbində orta təhsil alıb. O, 1999-cu ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidməti davam etdirib və 17 il Milli Orduda xidmət göstərib.
Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə gizir Pəncəli Nurməmməd oğlu Teymurov 2015-ci il iyunun 24-də yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İgidliyə görə”, Aprel döyüşlərindəki misilsiz şücaətinə görə isə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.