CƏMİYYƏT
ASTARADA NARKOTİK MADDƏNİN ALVERİ İLƏ MƏŞĞUL OLAN QOHUMLAR YAXALANMIŞLAR
Astara, 3 mart (AZƏRTAC). Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik maddənin alveri ilə məşğul olan qohumlar yaxalanmışlar.
Rayonun Pəlikəş kənd sakini, 1985-ci il təvəllüdlü Əbülfət Fərəcov alıcı qismində iştirak edən şəxsə 6 min ABŞ dolları dəyərində, 4 kq 855 qram narkotik vasitə olan həşiş qatranını satarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Müəyyən edilmişdir ki, Ə.Fərəcov narkotik maddəni əmisi oğlu Burhan Vahabovdan, yaxın qohumu Mehdi Hüseynovdan, sonuncu isə qaynı Ruslan Mənsurovdan almışdır. Ruslan Mənsurov verdiyi ifadəsində həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Fərəməz adlı şəxsdən əldə etdiyini bildirmişdir.
Saxlanılan qohumlar haqqında Astara rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, faktla bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır.