SİYASƏT
Astarada prezident seçkilərinə ciddi hazırlıq işləri görülür
Astara, 20 sentyabr (AZƏRTAC). Astara rayonunda oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərinə ciddi hazırlıq işləri görülür.
AZƏRTAC xəbər verir ki, 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının tərkibində yaradılmış 46 seçki məntəqəsində seçici siyahılarının dürüstləşdirilməsi işi başa çatdırılmış, bütün yaşayış məntəqələrinin seçki üzrə dislokasiyası tərtib edilmişdir.
Dairə seçki komissiyasına (DSK) əlavə olaraq kompyuter dəsti verilmişdir. SVİÇ sistemi vasitəsilə kompyuterə daxil edilən məlumatların sürətli ötürülməsini təmin etmək məqsədi ilə dairə seçki komissiyasında xüsusi qurğu, 10 məntəqədə isə veb-kameralar quraşdırılmışdır.
Mərkəzi Seçki Komissiyasının (MSK) qərarı ilə təsdiq edilmiş “Təqvim planı”na uyğun olaraq şəhər, qəsəbə və kəndlərdə təbliğat və təşviqat kampaniyasına başlanılmışdır.
77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının sədri Hikmət Əkbərov bildirmişdir ki, prezidentliyə namizədlərin təbliğat və təşviqat kampaniyası üçün rayonda açıq və qapalı yerlər müəyyən edilmişdir.
Bu məqsədlə MSK tərəfindən verilmiş avadanlıqlar, təşviqat lövhələri, plakatlar və digər zəruri materiallar məntəqələrə paylanılmışdır.
İndiyədək dairə seçki komissiyası üzrə 37 min 408 seçicinin qeydə alındığını vurğulayan H.Əkbərov bunlardan 4 nəfərinin yaşının 100-dən yuxarı, 579 nəfərinin isə 80-100 yaşı olduğunu diqqətə çatdırmışdır.
DSK üzrə 18 yaşı tamam olmuş 701 nəfər və oktyabr ayında 18 yaşı tamam olacaq 17 nəfər seçkilərdə ilk dəfə iştirak edəcəkdir. İlk dəfə olaraq əlil seçicilərin səsvermədə iştirakını təmin etmək üçün 11 məntəqədə panduslar quraşdırılmışdır. Dairə seçki komissiyasında 185 nəfər yerli müşahidəçi qeydə alınmışdır.
Azərbaycanda prezident seçkilərinin uzunmüddətli monitorinqini həyata keçirən MDB Parlament Assambleyasının 6 nəfərdən ibarət ekspert qrupu və ATƏT-in uzunmüddətli müşahidə missiyasının 2 nəfər üzvü DSK-da və seçki məntəqələrində monitorinqlər aparmışdır.
Hazırda seçki məntəqələrində seçicilərə paylanmaq üçün bildiriş vərəqələri hazırlanır. Səsverməyə 7 gün qalmış bildiriş vərəqələri seçicilərə veriləcəkdir. Dairə seçki komissiyasında indiyədək 8 nəfərə “Qeydiyyatdan çıxma” vəsiqəsi verilmişdir. Onlardan 6 nəfəri Həcc ziyarətinə gedənlərdir.