CƏMİYYƏT
Aşura günü İçərişəhərdəki Cümə məscidində qanvermə aksiyası keçiriləcəkdir
Bakı, 13 dekabr (AZƏRTAC). Səbail Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, aşura günü rayon ərazisində yerləşən İçərişəhər “Cümə məscidi” dini icmasında könüllü qanvermə aksiyası keçiriləcəkdir.
Məhərrəm ayının başlanması ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası aşura günü respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçirilməsi barədə fətva vermişdir.
Cümə məscidinin axundu hacı Surxay Məmmədli artıq bir neçə ildir məhərrəm ayında keçirilən aşura mərasimləri zamanı könüllü qanvermə aksiyalarının təşkilinin ənənəvi hal aldığını bildirmişdir. Məsciddə qanvermə aksiyasına hazırlıq işlərinə artıq başlanılmışdır. Hər il olduğu kimi aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Hemotologiya və Transfiziologiya Elmi Tədqiqat İnstitutu səyyar qanköçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaqdır.