CƏMİYYƏT
Aşura günündə ənənəvi qanvermə aksiyası keçirilmişdir
Bakı, 16 dekabr (AZƏRTAC). Səbail rayon İcra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Aşura günündə İçərişəhər “Cümə” məscidində qanvermə aksiyasına ciddi hazırlıq işləri aparılmış, qanvermə mərasiminin keçirilməsi yerləri müəyyənləşdirilmiş, bütün lazımi tədbirlər görülmüşdür. Burada Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun səyyar qanköçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılmışdır.
Səhər saatlarında başlanın qanvermə aksiyasında “Cümə” məscidi dini icmasının üzvləri, buraya gələn dindarlar iştirak etmişlər. Gün ərzində məsciddə 200-dən artıq vətəndaş könüllü qan vermişdir.
Keçirilən xeyirxah aksiya ilə əlaqədar məlumat verən İçərişəhər “Cümə” məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirmişdir ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsarət yetirmək əvəzinə donor qanına çox ciddi ehtiyacı olan insanlara, ilk növbədə talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara kömək göstərmək savab işdir. Biz bu işləri dəstəkləyirik və müsəlman qardaş və bacılarımızı belə işlərə qoşulmağa çağırırıq.
Səbail rayonu ərazisində yerləşən Bibiheybət məscidində də qanvermə aksiyası təşkil olunmuş və aksiyada 250-dən çox dindar iştirak etmişdir.
######