SİYASƏT
ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞDUR
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel Bakı Slavyan Universitetində (BSU) keçirilən ənənəvi “Səfir saatı”nın qonağı olmuşdur.
“Dünyada təhlükəsizlik və sabitliyin təmin olunmasında beynəlxalq təşkilatların rolu” mövzusunda keçirilən tədbirdə çıxış edən BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev səfirə BSU-nun müəllim və tələbələri adından təşəkkür etmişdir. Bu günlərdə BSU-nun Türkiyə Araşdırmaları Mərkəzində “Kazım Karabekir Guşəsi”nin açıldığını deyən rektor belə tədbirlərin iki qardaş ölkənin müxtəlif sahələrdə əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırmışdır. Səfir B.Cankorel diplomatiyanın tarixindən, dünyada gedən siyasi proseslərdən və təmsil etdiyi təşkilatın bu məsələlərə münasibətindən söhbət açmışdır.
ATƏT-in fəaliyyəti haqqında geniş məlumat verən səfir tələbə və magistrantların çoxsaylı suallarını cavablandırmışdır.
B.Cankorel universitetin qonaqlar kitabına ürək sözlərini yazmışdır.
######