SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşmüşdür
Bakı, 27 yanvar (AZƏRTAC). ATƏT-in fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Predreyk Mörfi “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törətdiyi vəziyyət, Ermənistanın işğalı nəticəsində azərbaycanlıların doğma yurd-yuvalarından qovulması, problemin bölgənin inkişafına mənfi təsiri ilə bağlı Predreyk Mörfiyə məlumat verilmişdir.
Nümayəndənin diqqətinə çatdırılmışdır ki, bölgənin azərbaycanlı icması münaqişənin sülh yollu ilə həllinin tərəfdarıdır və tezliklə öz yurdlarına qayıtmaq istəyindədirlər.
P.Mörfi isə münaqişənin həllində təmsil etdiyi qurumun göstərdiyi səylər, o cümlədən qarşıya çıxan problemlərə dair fikirlərini qeyd etmiş və hər iki icmanın yaxınlaşması ilə bağlı təkliflərini diqqətə çatdırmışdır. O, hər iki tərəfin münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün sona qədər səylərini əsirgəməyəcəklərindən ümidvar olduğunu bildirmişdir.