CƏMİYYƏT
ATƏT-in Minsk qrupunun fəaliyyətini başa vurmuş fransalı həmsədri Qafqaz Müsəlmanları İdarəsində olmuşdur
Bakı, 19 dekabr (AZƏRTAC). Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə dekabrın 19-da ATƏT-in Minsk qrupunun fəaliyyətini başa vurmuş fransalı həmsədri Bernar Fasye ilə görüşmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüş zamanı QMİ sədri A.Paşazadə B.Fasyeyə ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirmiş, bundan sonrakı fəaliyyətinə uğurlar diləmişdir.
Görüşə görə təşəkkürünü bildirən B.Fasye şeyxülislam A. Paşazadəni təkcə bölgədə deyil, dünya miqyasında nüfuzlu şəxsiyyət, dinlərarası dialoq prosesinə böyük töhfələr vermiş dini lider kimi tanıdığını vurğulamış, Qafqazda və ümumən dünyada sülhə nail olunması yönundə fəaliyyətini yüksək dəyərləndirdiyini bildirmişdir. O, diqqətə çatdırmışdır ki, ali səviyyələrdə keçirdiyi görüşlərdə QMİ sədrinin sülhyaratma proseslərində potensialından hər zaman istifadə olunması zərurətini dilə gətirir. B.Fasye bundan sonra hansı məqamlarda çalışmasından asılı olmayaraq, şeyxülislam A.Paşazadənin sülh və qarşılıqlı dialoqa yönəlmiş səylərini dəstəkləyəcəyini bildirmişdir.