ATİB VƏ ABŞ-DA YAŞAYAN AZƏRBAYCANLILAR ŞƏBƏKƏSİ ARASINDA ƏMƏKDAŞLIQ PROTOKOLU İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Türkiyə İş Adamları Birliyi və Amerikada Yaşayan Azərbaycanlılar Şəbəkəsi (U.S. Azeris Network) arasında əməkdaşlıq protokolu imzalanmışdır.
Protokola əsasən, tərəflər Azərbaycan iqtisadiyyatına öz töhfələrini vermək prinsipindən hərəkət edərək, birgə əməkdaşlıq etməк arzusu ilə həmvətənlərimizi və digər millətləri Azərbaycanın tarixi və hazırkı mövqeyinə dair məlumatlandırmaq, ölkəmizin biznes mühitinin inkişafına yardım göstərmək məqsədi ilə əməkdaşlıq etmək barədə razılığa gəlmişlər. Tərəflər qarşılıqlı razılaşma əsasında hər iki ölkənin sahibkarları üçün müvafiq ölkələrdə və müəyyən mövzular üzrə seminarlar, simpoziumlar, biznes forumları, işgüzar görüşlər və konfranslar keçirəcəklər. Onlar ABŞ və Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, iş adamlarını qarşılıqlı investisiya yatırmağa və bir-biri ilə əməkdaşlığa sövq edəcəklər.
USAN-ın Azərbaycan Türkiyə Tarix Araşdırmaları Fondunun Himayəçilər Şurası üzvlüyünə qəbul edilməsi barədə razılıq əldə olunmuşdur. USAN ABŞ-ın elm dairələrinin müvafiq nümayəndələrinin və Konqresin bəzi sabiq üzvlərinin Fondun fəaliyyətinə cəlb edilməsi ilə bağlı ATİB-ə kömək edəcəkdir. Hər iki təşkilat ümumi maraqlara uyğun əməkdaşlıq proqramları ilə bağlı arasdırmalar həyata kecirəcəkdir. USAN ATİB-in Qafqaz, Cənubi Qafqaz, Qara dəniz və Avrasiya regionunda keçirəcəyi tədbirlərə cəlb olunacaq, ABŞ-dan lazımi dəstəyi təmin edəcəkdir. Vaxtaşırı və ya ehtiyac olduqda fövqəladə görüşlər, qarşılıqlı səfərlər keçiriləcək, fikir mübadiləsi aparılacaqdır.
Protokolu ATİB idarə heyətinin sədri Əhməd Erentok, USAN-ın Baş direktoru Adil Bağırov imzalamışlar.