DÜNYA
Avropa İttifaqı əl çantasında maye daşınmasına qadağanı götürmək niyyətindədir
Bakı, 11 aprel (AZƏRTAC). Avropa İttifaqı aeroportlarında sərnişinlərin təyyarədə maye daşımalarına qadağa skanerlərin yeni növü Avropa dövlətlərinin müvafiq nazirlikləri tərəfindən bəyəniləndən sonra, 2013-cü ilin aprelinədək götürülə bilər.
Qüvvədə olan qaydalara görə, Şengen zonasına daxil olan bütün aeroportlarda sərnişinlərin əl çantaları yoxlanılmalı, hər birinin həcmi 100 millilitrdən çox olan, ümumi həcmi azı bir litr olan mayenin təyyarəyə aparılmasına yol verilməməlidir. Avropaya tranzit uçan, lakin Aİ-yə aidiyyəti olmayan aeroportlarda hər hansı maye almış sərnişinlərə tranzit zamanı onu təyyarəyə götürmək qadağan edilir.
Yalnız Aİ ölkələrindən, habelə İslandiya, Norveç, Sinqapur, Malayziya, Xorvatiya, Kanada və ABŞ-dan gələn sərnişinlər üçün istisna edilir, çünki həmin ölkələrdə nəzarətin səviyyəsi Aİ standartlarına uyğun gəlir.
Nəşrin yazdığına görə, skanerlərin yeni nəsli maye üzrə Avropa işçi komissiyasının proqramı çərçivəsində bir sıra aeroportlarda sınaqdan keçirilmişdir. “Cobalt Light Systems” şirkətinin istehsalı olan skanerlər qabın içindəki mayenin tərkibini 10 saniyədən az müddətə yoxlamaq iqtidarındadır.
“Smiths Detection” şirkətinin işləyib hazırladığı, rentgen texnologiyası ilə işləyən “aTix” adlı daha bir cihaz mayenin tərkibini skanlayıb potensial təhlükə doğuran mayeni bir neçə saniyə ərzində müəyyən edir.
Yeni skanerlər 2013-cü ilin aprelinədək Avropa İttifaqının bütün hava limanlarında quraşdırılacaqdır.
Nəşrin yazdığına görə, aviasərnişinləri perspektivdə daha bir yaxşı xəbər gözləyir. Belə ki, təhlükəsizlik nəzarətindən keçərkən yoxlama üçün əl çantasından noutbuk və planşet kompyuterləri çıxarmağa daha ehtiyac qalmaya bilər.