DÜNYA
Avropa Komissiyası diqqətini əmək bazarına yönəldir
Bakı, 12 aprel (AZƏRTAC). Avropa Komissiyası gələn həftə region iqtisadiyyatının bərpası prosesinin dəstəklənməsinə dair 28 səhifəlik plan təqdim edəcəkdir.
Planda əmək bazarının stimullaşdırılmasına, ilk növbədə, məşğulluğun artırılmasına və vergilərin azaldılmasına xüsusi yer ayrılır. Ekspertlər vergi yükünü iqtisadiyyatın daşınmaz əmlak və energetika kimi sahələrinə yönəltməyi təklif edirlər.
Məruzəyə görə, avropalılar borc böhranının dərinləşməsinə və əmək bazarında vəziyyətin pisləşməsinə səbəb olan sərt tədbirlərdən iqtisadi inkişafın təşviqinə keçirlər.
Məruzədə deyilir: “Böhran bir daha Aİ iqtisadiyyatı ilə əmək bazarı arasında qarşılıqlı asılılığın mövcudluğunu təsdiq etmiş, əmək bazarı ilə sosial siyasət arasında əlaqələndirməni gücləndirməyin vacibliyini qabartmışdır”.
Hazırda Aİ rəhbərliyinin məşğulluq sahəsində siyasətə təsir göstərmək imkanı çox zəifdir. Lakin Avropa Komissiyası bildirir ki, bu sahədə tədbirlərin mərkəzləşdirilmiş surətdə razılaşdırılması avrozonanın daha sıx iqtisadi ittifaqa səy göstərməsi çərçivəsində mümkündür.