SİYASƏT
Avropa siyasətçiləri Azərbaycanın işğal olunmuş ərazisindəki Xocalı aeroportunu Ermənistanın yenidən açmaq planlarını kəskin şəkildə pisləyirlər
Berlin, 8 fevral (AZƏRTAC). Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisindəki Xocalı aeroportunu Ermənistanın yenidən açmaqla bağlı planları Avropanın siyasi dairələrində ciddi etiraz dalğasının yaranmasına səbəb olmuşdur.
Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, fransız senatorlar, Böyük Britaniya parlamentinin, Almaniya Bundestaqının və Avropa Parlamentinin üzvləri bildirirlər ki, Ermənistanın bu qeyri-qanuni addımı təxribat xarakteri daşıyır və Cənubi Qafqazdakı sülh prosesinə ciddi təhlükə yaradır. ATƏT-in Minsk qrupunun fransalı, rusiyalı və amerikalı həmsədrləri də etirazlara qoşularaq Ermənistanın beynəlxalq özünütəcrid təhlükəsini daha da dərinləşdirdiyini vurğulamışlar. Bu yaxınlarda regiona səfər edən Norveçin xarici işlər naziri Espen Bart Eyde demişdir ki, rəsmi Oslo bu hava limanından həyata keçiriləcək uçuşları tanımayacaqdır. Ermənistan təxribatçı hərəkətlərə yol verməməlidir.
Avropa siyasətçiləri Azərbaycanın ərazisi olan Xocalıda aeroportun Ermənistan tərəfindən yenidən açılması ilə bağlı planın tamamilə əleyhinədirlər. Ermənistanın bu planı Fransanın, Almaniyanın, Böyük Britaniyanın və Avropa Parlamentinin əsas siyasətçiləri arasında ciddi etiraza səbəb olmuşdur. Fransa Senatının dörd üzvü - Natali Qule, Jan-Mari Bokel, Andre Reyxart və Janni Lorjo, Almaniya Bundestaqının altı üzvü - Axel Fişer, Marko Vandervitz, Olav Quttinq, Maykl Qlos, Florian Han və dövlət katibi Katarina Reyx bu məsələni pisləyən bəyanat vermişlər.
Böyük Britaniyada həm parlamenti, həm də Şimali İrlandiya Məclisini hər iki palatada təmsil edən Kristofer Pinçer, Mark Fild, Kris Hiton Haris, Lord German, Lord Laird və Maykl Kopland Xocalı aeroportunun yenidən açılması planları ilə bağlı rəsmi Yerevanı ciddi tənqid etmişlər. Avropa Parlamentində Liberal Partiyasından Kristina Ojuland isə bununla bağlı qətnamə hazırlamışdır. Eyni zamanda, Yevgeni Kirilov, İvo Vajql və Norika Nikolay problemlə bağlı məsələ qaldırmışlar.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirmişdir ki, Qərbi Avropada Ermənistan əleyhinə etiraz dalğası digər dövlətləri bölgədə gərginliyə səbəb olacaq təhlükə barədə xəbərdar etməlidir. Ermənistanın təxribatçılıq addımları beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək cəhdlərinə mane ola bilər. O qeyd etmişdir ki, Ermənistanın bu addımı Xocalı soyqırımının 21-ci ildönümü ərəfəsində atması daha ciddi təhlükə yaradır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin