İQTİSADİYYAT
Avtomobil nəqliyyatı sahəsində Avropa İttifaqının sosial qanunvericiliyinin tətbiqi ilə bağlı təlim keçirilmişdir
Bakı, 5 dekabr (AZƏRTAC). İspaniyanın Madrid şəhərində avtomobil nəqliyyatı sahəsində Avropa İttifaqının sosial qanunvericiliyinin tətbiqi ilə bağlı təlim keçirilmişdir. Təlim Avropa Komissiyasının TAİEX layihəsi (Texniki Yardım və İnformasiya Mübadiləsi) çərçivəsində təşkil edilmişdir.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, təlimdə nazirliyin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları iştirak etmişlər.
Təlim iştirakçıları magistral avtomobil yolunda İspaniya Mülki Qvardiya Polisinin və Nəqliyyat Nazirliyinin müfəttişlərinin iştirakı ilə yolkənarı nəzarət tədbirlərində nəqliyyat vasitələri sürücülərinin iş və istirahət rejiminə riayət etmələrinə nəzarət üzrə yoxlama, pozuntu hallarının aşkar edilməsi, müvafiq inzibati və maliyyə sanksiyalarının tətbiq olunması prosesini müşahidə etmişlər.
Səfər çərçivəsində İspaniyanın ilk aparıcı səlahiyyətli texniki servis mərkəzi olan “Kontinental” emalatxanasının texniki heyəti ilə görüş də keçirilmişdir. Görüşdə emalatxana, onun nailiyyətləri, tətbiq olunan texnologiyalar, avadanlıqlar, emalatxanaların fəaliyyətinə razılığın verilməsi, taxoqrafların quraşdırılması prosesi barədə ətraflı məlumat verilmişdir.
Müxtəlif sənədlərin, o cümlədən milli şəxsiyyət vəsiqələrinin, pasportların, sürücülük vəsiqələrinin, taxoqraf kartlarının (nəzarət, sürücü, şirkət və emalatxana) və s. istehsalı üzrə ixtisaslaşmış İspaniyanın Qiymətli Kağızlar Fabrikində təşkil edilən görüşdə isə “smart-kart”ların istehsalında tətbiq olunan və yüksək təhlükəsizlik tələblərinə cavab verən proqram təminatı, istifadə olunan avadanlıqlar, istehsal prosesi barədə təqdimatlar edilmişdir.
Səfər zamanı Bakıda növbəti seminar və təlim proqramlarının təşkili ilə əlaqədar məsələlər müzakirə olunmuşdur.