CƏMİYYƏT
Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir
![Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir](/files/2022/2/1200x630/16572915624695346884_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Avtomobillə normadan artıq yük daşıyan fiziki və hüquqi şəxslərə qarşı nəzarət tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, təyinatından asılı olmayaraq istənilən yükün müəyyənləşdirilmiş kütlə hədlərini aşmamaq şərti ilə daşınması barədə dəfələrlə edilmiş xəbərdarlığa, bu sahədə çalışan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi istiqamətində görülən tədbirlərə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən hələ də oxşar qayda pozuntularına yol verilir.
Nəzarət tədbirləri zamanı icazə verilən çəki və kütlə parametrlərinə dair tələbləri pozan sürücülərin aşkarlanması, icazə verilən həddən artıq yükü olan nəqliyyat vasitələrinin yol hərəkətindən kənarlaşdırılması, artıq yükün boşaldılması və sürücülərə inzibati tənbeh tədbirlərinin görülməsi həyata keçirilir.
“Bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırılır ki, mövcud qanunvericiliyin tələblərinə ciddi riayət olunsun. Odur ki, belə qayda pozuntularının aradan qaldırılması məqsədi ilə bu istiqamətdə müvafiq addımların atılması bundan sonra da davam etdiriləcək”, - deyə idarənin məlumatında bildirilir.