İQTİSADİYYAT
“AZEL” ŞİRKƏTİ “PROGRESS” SİSTEMİNİN “SAP NETWEAVER”Ə İNTEQRASİYASINI BAŞA ÇATDIRMIŞDIR
Bakı, 14 may (AZƏRTAC). “AZEL” şirkəti bank sektoru üçün “SAP NetWeaver Portal” vasitəsilə çalışmaq imkanı olan yeni “PROGRESS Financial Solution” sistemini təqdim etmişdir.
Şirkətdən bildirmişlər ki, yeni sistem “AZEL”in “Banklar və maliyyə” sərgisindəki stendində nümayiş etdirilmişdir.
Şirkətin müşahidə şurasının sədri İqor Yakovenko demişdir ki, “SAP NetWeaver inteqrasiya platformasına uyğunlaşdırılmış PROGRESS” sistemi - biznesin inkişafında şirkətin strateji hədəflərinə nail olmaq üçün texnologiyaların səmərəli istifadəsinə imkan yaradan təməldir.
Müasir universal bank həlli hesab edilən “PROGRESS Financial Solution” Azərbaycanın bank sektorunda işləmək üçün zəruri olan qaydaları, sazlama və hesabatları bir yerdə cəmləyir. Sistemin fəaliyyəti fasiləsiz təkmilləşmə prinsipinə əsaslanır. Bank qanunvericiliyində və Azərbaycan Mərkəzi Bankının tələblərində baş verən bütün dəyişikliklər sistemdə vaxtında əks edilir.