CƏMİYYƏT
Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Fəxri Diploma layiq görülmüşdür
Bakı, 27 dekabr (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov Fəxri Diplomla təltif olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Fəxri Diplom S.İxiilova Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təqdim edilmişdir.
Dövlət Komitəsinin sədri Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı vəzifəsində böyük xidmətlərinə görə və anadan olmasının 70 illik yubileyi münasibətilə S.İxiilovun Fəxri Diplomla təltif olunması haqqında Sərəncamını oxumuşdur.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Bakının və Xəzəryanı bölgənin yepiskopu Aleksandr, Bakı katolik kilsəsinin başçısı Vladimir Fekete, Azərbaycanın Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç, Milli Məclisin deputatı Yevda Abramov, İsrailin ölkəmizdəki səfirliyinin konsulu Şlomo Ben-Tsvi və başqaları S.İxiilovu yüksək mükafat münasibətilə təbrik etmiş, ona cansağlığı və uğurlar arzulamışlar.
S.İxiilov onun fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirərək demişdir ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda yəhudilər digər xalqlarla mehribanlıq və dostluq şəraitində yaşayırlar. O demişdir: “Hələ 10 il əvvəl ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə mən “Şöhrət” ordeni ilə təltif edilmişdim. Burada heç vaxt milli zəmində münaqişə olmamışdır. Azərbaycanda yaşayan və cəmiyyətin bərabərhüquqlu üzvləri olan bütün xalqları bir-birinə konstruktiv və xoş münasibətlər bağlayır. Vicdan və din azadlığı ölkə Konstitusiyasında təsbit edilmişdir.
Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
######