İDMAN
Azərbaycan dayverləri ilk dəfə yüksək dağ dalmasını həyata keçiriblər
Bakı, 27 avqust (AZƏRTAC). Azərbaycan Alpinizm Federasiyasının (AAF) dayvinq mərkəzi olan “Dolphin Baku”nın üzvləri Şabran rayonundakı göllərin birində ilk dəfə yüksək dağ dalmasını həyata keçiriblər.
AAF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yürüşdə “Dolphin Baku” mərkəzinin tələbələri və təlimatçıları, Federasiyanın və Azərbaycanın dağ idman klubunun üzvləri və rusiyalı idmançılar iştirak ediblər.
Hər iştirakçı özü ilə lazım olan təchizat və avadanlıqları aparıblar. Göldə dayverlər qruplara ayrılıblar. Suda görünmə dərəcəsi 1-2 metr, suyun hərarəti isə 23-24 dərəcə təşkil edib. 5,5 metr dərinliyində görünmə dərəcəsi 0 metr təşkil etdiyi üçün dayverlər gölü az dərinlikdə (3-5 metr) öyrənməyə qərara alıblar. Hər bir dalma müddəti iyirmi dəqiqə olub.
Gölü öyrənəndən sonra iştirakçılar Bakıya qayıdıblar.
Beləliklə, “Dolphin Baku” mərkəzinin üzvləri bir günlük idman yürüşü və ilk yüksək dağ dalmasını həyata keçiriblər.