CƏMİYYƏT
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı Gəncədə vətəndaş təhsili forumu və təlim kurslarına başlamışdır
Gəncə, 12 sentyabr (AZƏRTAC). Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Gəncədə “Şərq Tərəfdaşlığı Ölkələri Gənclərinin Vətəndaş Təhsili Şəbəkəsi” adlı beynəlxalq forum və təlim kurslarının keçirilməsinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Platformasına daxil olan 5 ölkə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, həmçinin Polşa və Rumıniya gənclərinin iştirakı ilə keçirilən forum və kurslarda “Ölkə gənclərinin inteqrasiyası”, “Beynəlxalq əlaqələrin genişləndirilməsi”, “Əcnəbi gənclərin respublikamız haqqında məlumat səviyyələrinin yüksəldilməsi”, “Regional məsələlərdə əməkdaşlıq, təcrübə, informasiya mübadiləsi sahəsində uğurlu fəaliyyətin davam etdirilməsi” kimi mövzular ətrafında müzakirələr aparılacaqdır.
Müzakirələrdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin deputatlarının, ADTGT-nin, beynəlxalq təşkilat və QHT təmsilçilərinin iştirakı ilə məruzələr dinlənilməklə yanaşı, Gəncə Bəyannaməsinin qəbul edilməsi də nəzərdə tutulmuşdur. Bəyannaməyə Şərq Tərəfdaşlığı çərçivəsində gənclərin birgə əməkdaşlığının genişləndirilməsi, şəbəkənin yaradılması, forumların müntəzəm keçirilməsi, gənclərin Şərq Tərəfdaşlığı ölkələrindəki münaqişələrin həllinin sülh və dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli, eyni zamanda Gəncə şəhərinin Avropanın gənclər paytaxtı seçilməsi yolunda dəstək kampaniyası da bir bənd kimi daxil ediləcəkdir.