MƏDƏNİYYƏT
Bu gün tanınmış rəssam Eldar Zeynalovun xatirə günüdür

Bakı, 11 may, AZƏRTAC
Fırça ustası, memar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü olmuş Eldar Zeynalovun vəfatından üç il ötür.
AZƏRTAC xəbər verir ki, Eldar Zeynalov 1961-ci il iyunun 15-də anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji Texnologiyaları Akademiyasını bitirib. Eldar Zeynalov uzun müddət İtaliyada yaşayıb, daha sonra isə Türkiyəyə köçüb, ömrünün son illərində də qardaş ölkədə yaradıcılıqla məşğul olub.
Rəssamın əsərləri Yeni Zelandiya, Yaponiya, ABŞ, Avstraliya və Avropa ölkələrində nümayiş etdirilib. 2014-cü ildə onun Naxçıvandakı Bəhruz Kəngərli adına Sərgi Salonunda fərdi sərgisi uğurla keçib. Eldar Zeynalov genişmiqyaslı divarüstü naxışlar, monumental freskalar yaradıb, mənzərə və portretlər çəkib. Onun rəsm əsərləri arasında “Naxçıvan simfoniyasi”, “Atatürkün portreti”, “Tartini”ni xüsusilə qeyd etmək olar. Rəssam, həmçinin Karacasuda (Aydın vilayəti, Türkiyə) bələdiyyənin fasadını naxışlarla bəzəyib.
Eldar Zeynalov 2021-ci il mayın 11-də Türkiyədə koronavirus infeksiyası səbəbindən 60 yaşında vəfat edib.