İDMAN
Olimpiya lisenziyası qazanan Azərbaycan güləşçisi: Artıq bütün diqqətim Parisdədir
Bakı, 11 may, AZƏRTAC
“Qalib gələcəyimə əmin idim. Şükürlər olsun ki, bacardım”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov deyib.
60 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarışa olduqca ciddi hazırlaşdığını bildirib: ”Turnir həm mənim, həm də komanda yoldaşlarım üçün uğurlu keçdi. Qubada təşkil olunan təlim-məşq toplanışında iştirak etmişdim. Çox ağır məşqlər keçirirdik. Xalça üzərinə çıxmadan öncə bu məşqlər sayəsində uduzmağımın mümkün olmayacağını bilirdim. Mənə bəslənən ümidləri doğrultduğum üçün sevinirəm. Rəqiblərimin heç biri məndən güclü deyildi. Yarış zamanı bunu tez-tez fikirləşirdim. Özümü rahat hiss edir, rahat güləşirdim. Ona görə də asanlıqla lisenziya qazandım”.
O, Olimpiadada da özünü yaxşı tərəfdən göstərərək istədiyi nəticəni əldə edəcəyinə inandığını söyləyib: “Təbii ki, artıq bütün diqqətim Parisdədir. Ən yaxşı şəkildə hazırlaşacağam. Məşq prosesini düzgün formada davam etdirmək, zədələrimi bərpa etmək niyyətindəyəm. Bu cür vacib turnirlərdə düzgün məşq prosesi çox önəmlidir”.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçilərindən Rafiq Hüseynov (87 kiloqram) və Sabah Şəriəti (130 kiloqram) də İstanbulda Olimpiya lisenziyası əldə ediblər.