ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Tur Heyerdalın “Kon-Tiki səyahəti” kitabının təqdimatı olmuşdur
Bakı, 28 sentyabr (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) məşhur Norveç səyyahı və təbiətşünas alimi Tur Heyerdalın “Kon-Tiki səyahəti“ kitabının təqdimatı olmuşdur.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Norveçin Azərbaycandakı səfirliyinin əməkdaşları və universitetin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişlər.
Tədbirdə kitab və onun müəllifi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, norveçli səyyah və təbiətşünas alim Tur Heyerdalın adı Azərbaycanda çox məşhurdur. O, 1947-ci ildə dostları ilə birlikdə Kon-Tiki adlanan salın üzərində 101 günlük təhlükəli səfər etmişdir. Kitabda bu səfərdə dostların başlarına gələn hadisələr əksini tapmışdır. Tur Heyerdalın 70 dildə çap olunmuş “Kon-Tiki səyahəti” əsəri Azərbaycan dilində ilk dəfədir nəşr edilir. Bundan əvvəl müəllifin “Adəmin izləri ilə” kitabı 2011-ci ildə Bakıda dərc olunmuşdur.
Sonra kitabda əks olunan səfər haqqında qısametrajlı film göstərilmişdir.