ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində yubiley tədbiri keçirilmişdir
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Azərbaycan Dillər Universitetində (ADU) Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru Sərxan Abdullayevin 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
ADU-nun Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yubiley mərasimində Universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov S.Abdullayevi təbrik edərək ona gələcək elmi fəaliyyətində uğurlar arzulamışdır. Rektor yubilyarın Azərbaycan elminin, dilçiliyin inkişafında xidmətlərini yüksək qiymətləndirmişdir.
Yubilyarı, tanınmış dilçi alim və filosof kimi xarakterizə edən S. Seyidov S. Abdullayevin müəllimə xas bütün xüsusiyyətlərə malik olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Yubilyarın mütərcimlik fəaliyyətindən danışan rektor onun Aşıq Ələsgərin şeirlərini alman dilinə, alman filosofu Fridrix Nitşenin əsərlərini isə Azərbaycan dilinə tərcümə etdiyini vurğulamışdır. ADU rektoru çıxışında yubilyarın şəxsi keyfiyyətlərindən danışaraq bildirmişdir ki, S.Abdullayev elm sahəsində yeni addım atan gənclər üçün bir nümunədir.
S.Seyidov yubilyara kompyuter hədiyyə etmişdir.
ADU-nun Psixologiya kafedrasının müdiri, dosent Misgər Məmmədov “S. Abdullayevin həyat və yaradıcılığı” mövzusunda məruzə etmişdir. O, məruzəsində daha çox yubilyarın elmi yaradıcılığında psixoloji məqamlardan danışmışdır. M. Məmmədov hələ gənc yaşlarında yubilyarın əsərlərinin Qafqazda, Rusiyada, Almaniyada və Türkiyədə geniş yayıldığını vurğulamışdır. Dosent S. Abdullayevin “Dil və qavrayış” kitabını təhlil edərkən məruzəçi yubilyarı üslubiyyatın ifadə formalarına geniş müraciət edən bir alim olduğunu diqqətə çatdırmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev çıxışında yubilyarın tələbəlik illərindən danışmışdır. O, S.Abdullayevə gələcək elmi fəaliyyətində uğurlar arzulamışdır.
Digər çıxış edənlər- Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, ADU-nun Ümumi dilçilik kafedrasının professoru Fəxrəddin Veysəlli, Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov və ADU-nun Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının professoru, Leksikoqrafiq araşdırmalar mərkəzinin rəhbəri Çərkəz Qurbanlı yubilyarı təbrik edərək, onunla bağlı fikirlərini bölüşmüşlər.
Sərxan Abdullayev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Yubiley mərasimində S. Abdullayevin ömür yolundan bəhs edən slaydlar nümayiş olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etdirilmişdir.