ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin rektoru Norveçin Azərbaycandakı səfiri ilə görüşmüşdür
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Norveçin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq ilə görüşmüşdür.
Tədbirdə ADU-nun Norveç universitetləri ilə əlaqələri, ADU-nun Skandinaviya mərkəzinin fəaliyyəti, Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində Norveç dilinin tədrisi haqda fikir mübadiləsi aparılmışdır.
ADU-nun Mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rektor bu il ADU-nun Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi və 4 müəllimdən ibarət heyətin Oslo Universitetində Yay məktəbində olacaqlarını səfirin diqqətinə çatdırmışdır.
Səfir Erlinq Şönsberq Norveçin universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsindən məmnunluğunu ifadə etmişdir.
Görüşdə ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU-nun Norveçin Oslo, o cümlədən Aqder universitetləri ilə əməkdaşlığının gələcək perspektivləri də müzakirə olunmuşdur.