AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRININ TATARISTANDA UĞURLA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi arasında imzalanmış mədəni əməkdaşlıq üzrə Tədbirlər Planina əsasən Dövlət Akademik Milli Dram Teatrı aprelin 16-dan 22-dək teatrın direktoru Maqbet Bünyatovun rəhbərliyi ilə 40 nəfərlik heyətlə Kazan şəhərində qastrol səfərində olmuşdur.
Kollektiv Tatarıstan teatrsevərlərinə rejissor Bəhram Osmanovun quruluşunda xalq yazıçısı Elçinin “Arılar arasında” və yazıçı-dramaturq Əli Əmirlinin “Mesenat” tamaşalarını təqdim etmişdir.
Əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Şükufə Yusupova, Firəngiz Mütəllimova və İlham Əsgərovun, əməkdar artistlər Cəfər Namiq Kamal, Kazım Abdullayev, Elxan Quliyev, Mehriban Xanlarova, Mətanət Atakişiyeva, Sənubər İsgəndərova, Kazım Həsənquliyev, Münəvvər Əliyevanın, artistlərdən İradə Həsənova, Vəfa Rzayeva, Anar Heybətov, Rəşad Bəxtiyarov və başqalarının çıxış etdikləri hər iki tamaşa böyük maraqla qarşılanmışdır. Tamaşaları izləyən Tatarıstan Respublikasının yüksək rütbəli rəsmiləri, eləcə də Azərbaycan diasporunun çoxsaylı nümayəndələri teatr kollektivinin yüksək professionallığını, rəssam tərtibatını, rejissor işini yüksək qiymətləndirmişlər.
Tatarıstan Baş nazirinin məktubunda xalqlarımızın mədəni əməkdaşlığına verdiyi böyük töhfəyə görə türk dünyasının qocaman teatrlarından olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivinə minnətdarlıq ifadə olunmuşdur. Təbrik məktubunda qeyd olunmuşdur ki, tatar teatr sənətinin baniləri S.Gizzatulina-Voljskaya və Q.Kariyev vaxtilə səhnə sənətinin sirlərini Azərbaycanın H.Ərəblinski, A.M.Şərifzadə, M.Davudova kimi korifey sənətkarlarından öyrənmişlər.
Baş nazirin müavini və mədəniyyət naziri Z.Valeyeva ilə görüşdə, eləcə də Tatarıstan Prezidentinin beynəlxalq məsələlər üzrə dövlət müşaviri T.Akulovun, Ümumdünya Tatar Konqresinin sədri R.Zakirovun teatr kollektivinə ünvanladıqları təşəkkür məktubunda ADAMDT-nin qastrol səfəri Azərbaycan və Tatarıstan arasında mədəni əlaqələrin inkişafında mühüm addım kimi dəyərləndirilmişdir. Teatr kollektivinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.