ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində “Karyera günü” keçiriləcəkdir
Bakı, 22 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Karyera Mərkəzində “Karyera günü” keçiriləcəkdir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, “Uğurlu karyeranı qur!” devizi altında təşkil olunan tədbir bu ali təhsil ocağı, Gənclər və İdman Nazirliyi və VitalCV MMC-nin dəstəyi ilə keçiriləcəkdir.
Tədbirin əsas məqsədi tələbə və magistrləri Karyera Mərkəzinin işi və layihələri ilə tanış etmək, eləcə də, karyera inkişafı ilə əlaqədar mütəxəssislər tərəfindən iştirakçılara məsləhətlərin verilməsidir.
Tədbirdə iştirak edənlər öz CV-lərini mütəxəssislərə təqdim etməklə, onun düzgün tərtibatı haqqında dəyərli məsləhətlər ala biləcək və Karyera Mərkəzində keçiriləcək müxtəlif tədbirlərdə iştirak etmək imkanı əldə edəcəklər.
Maraqlananlar əlavə məlumatları universitetin Karyera Mərkəzindən əldə edə bilərlər (əlaqə tel: (+99412) 497 71 35; E-poçt: [email protected]).