ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində yüksək bal toplamış birinci kurs tələbələri ilə görüş keçirilmişdir
Bakı, 13 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 600-dən çox bal toplayaraq bu ali təhsil müəssisəsinə qəbul olunmuş birinci kurs tələbələri ilə görüş keçirilmişdir.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev gəncləri təbrik etmiş, onlara elmi fəaliyyətlərində uğurlar arzulamış, bu ali məktəbi seçdiklərinə görə təşəkkürünü bildirmişdir.
Sonra rektor tələbələri universitet rəhbərliyi ilə tanış etmişdir.
Ş.Hacıyev çıxışında ADİU-nun tarixi və yarandığı vaxtdan indiyədək keçdiyi şərəfli, ziddiyyətli yol barədə məlumat verərək demişdir ki, hazırda bu ali təhsil ocağı təkmil maddi-texniki bazaya malikdir. Son illər burada tələbələr üçün hər cür şərait yaradılmışdır. Universitetin binası təmir olunmuş, auditoriyalar lazımi avadanlıqla təchiz edilmişdir.
Rektor vurğulamışdır ki, universitetin nailiyyətləri təkcə maddi-texniki baza ilə bitmir. Burada tədrisin keyfiyyəti də yüksək səviyyədədir. İmtahanlar test üsulu ilə aparılır, qiymətləndirmə şəffaf şəkildə həyata keçirilir.
Universitetdə İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Distant Təhsil Mərkəzi fəaliyyət göstərir. ADİU digər ölkələrin 100-dək təhsil müəssisəsi ilə əlaqə saxlayır. Tələbələr müxtəlif xarici ölkələrə konfranslara göndərilir, onlardan bəziləri istehsalat təcrübəsini xarici ölkələrin müəssisələrində keçirlər. Universitetdə ikili diplomla bağlı proqram nəzərdə tutulmuşdur.
Daha sonra rektor bildirmişdir ki, universitetin veb-saytında ADİU ilə bağlı geniş məlumat verilmişdir və istənilən tələbə onu maraqlandıran məsələ barədə rəhbərliyin elektron poçtuna müraciət edə bilər. Universitet rəhbərliyi tələbələrin qazandığı uğurlara görə sevinir və onların nailiyyətlərini lazımi səviyyədə qiymətləndirir. Bu il qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə universitet tərəfindən biraylıq əlavə təqaüd veriləcəkdir. Ən yüksək bal toplayan tələbələr isə noutbukla mükafatlandırılacaqlar. ADİU-da gəncləri gözəl tələbə həyatı, keyfiyyətli tədris mühiti gözləyir. Bu illəri daha yaddaqalan etmək isə daha çox tələbələrin özlərindən asılıdır.
Sonra tələbələrin sualları cavablandırılmışdır.
Tələbələrin valideynləri yaradılmış şəraitə görə ADİU-nun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.