MƏDƏNİYYƏT
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında növbəti müsabiqəyə yekun vurulmuşdur
Bakı, 27 yanvar (AZƏRTAC). Artıq ölkəmizin teatr həyatında 102-ci mövsümünü yaşayan Azərbaycan Dövlət Musiqili Komediya Teatrı gənc və istedadlı kadrların bu sənət məbədinə cəlb edilməsinə xüsusi diqqət yetirir. Son vaxtlar kollektivə müsabiqə yolu ilə daha çox yaradıcı gənclər dəvət olunmuşlar. Onların arasında aktyorlar, rejissorlar, balet artistləri, rəssamlar, yeni müəlliflər, dirijorlar, musiqiçilər, hətta texniki işçilər də vardır.
Yanvarın 26-da isə teatrda daha bir müsabiqəyə yekun vurulmuşdur. Bu müsabiqə həm aktyor heyətinə, həm də xor, balet və orkestr kollektivlərinə ümidverici gənclər seçilməsinə imkan vermişdir.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev AZƏRTAC-a bildirmişdir ki, yaradıcı kollektivin heyətində əsaslı dəyişikliklər etmək üçün belə müsabiqələrin keçirilməsi çox vacibdir. Biz istəyirik ki, istedadlı gənclərə yol açaq. Bu, teatra hazırda binamızda aparılan əsaslı təmirdən sonra xüsusilə lazımdır. Burada istər yaradıcı qrup, istərsə də texniki heyət üçün nümunəvi iş şəraiti yaradılır. Belə bir məqamda bizim öhdəmizə düşən əsas vəzifə həm aktyor, həm də orkestr, xor və balet heyətlərinin tərkibini möhkəmlətmək, gənc və istedadlı kadrları teatra cəlb etmək, cari repertuarı zənginləşdirməkdir. Yanvarın 26-da keçirilən müsabiqə də məhz bu məqsədə xidmət etmişdir.
Müsabiqənin qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Musiqi Akademiyasının, hətta Azərbaycan Dövlət Pedaqoji Universitetinin və Xəzər Universitetinin tələbələri də vardır.
Müsabiqə iştirakçılarından Şaban Nəcəfquluzadə, Ruslan Mürsəlov və Elvin Əliyev aktyor heyətinə, Rüstəm Rüstəmov, Rasim Fərəcov, Şəhriyar Hüseynzadə, Afət Orucova, Dilşən İbadova, Nigar İbadlı, Bahar Fərzullayeva isə xor heyətinə qəbul edilmişlər. Arzu edək ki, bu gənclər etimadı doğruldaraq, tamaşaçıların sevimli səhnə ustalarına çevrilsinlər. Böyük səhnədə onları böyük rollar, rəngarəng tamaşalar gözləyir.