MƏDƏNİYYƏT
“Azərbaycan dövlətçiliyi əbədi və sarsılmazdır” mövzusunda mühazirə maraqla qarşılanmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Xətai Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir.
Kitabxanadan AZƏRTAC-a bildirmişlər ki, budəfəki tədbir MKS-in mərkəzi kitabxanasında “Azərbaycan dövlətçiliyi əbədi və sarsılmazdır” mövzusunda mühazirə formasında reallaşmışdır.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
İştirakçılara dövlət müstəqilliyinin bərpa tarixi haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmiz yeni inkişaf yoluna qədəm qoymuşdur. Məhz bunun məntiqi nəticəsidir ki, bu gün Azərbaycan bütün beynəlxalq qurumların hesabatlarında ən yüksək inkişaf etmiş dövlətlərdən biri kimi göstərilir.
Tədbirdə 171, 18, 261, 257, 245 nömrəli məktəblərin müəllim və şagird kollektivləri, kitabxanaların əməkdaşları iştirak etmişlər.
Azərbaycanın dövlətçilik tarixindən bəhs edən mühazirə və məktəblilərin təqdim etdikləri ədəbi-bədii kompozisiya maraqla qarşılanmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.