Azərbaycan dövləti müharibə veteranlarının problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşır
Bakı, 9 may, AZƏRTAC
Mayın 9-da Böyük Vətən müharibəsində tarixi Qələbənin 73-cü ildönümü münasibətilə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Yasamal rayonundakı abidəsi önündə veteranlarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və müəssisə rəhbərliyinin və kollektivlərinin, həmçinin müharibə və əmək veteranlarının iştirak etdikləri tədbirdə əvvəlcə Mehdi Hüseynzadənin abidəsi önünə əklillər, gül-çiçək dəstələri düzülüb. Sonra müharibə veteranları ilə görüş keçirilib.
Görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 73 il keçir. Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində SSRİ-nin qazandığı şanlı Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Əziz Əzizov ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra müharibə veteranlarına dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini bildirib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də davam etdirildiyini vurğulayıb. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra müharibə veteranlarının hüquqları bərpa edilib. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.
Tədbirdə iştirak edən veteranlar Azərbaycan dövlətinin onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını bildiriblər.