MƏDƏNİYYƏT
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Şəfi Vazehin 220 illik yubileyi keçiriləcəkdir
Bakı, 4 fevral (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.
AZƏRTAC xəbər verir ki, Sərəncamda 2014-cü ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyinin tamam olması diqqətə çatdırılır.
Bildirilir ki, Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini layiqincə yaşatmış və yüksək insanpərvərliyi, mənəvi gözəlliyi tərənnüm edən diqqətəlayiq irs qoyub getmişdir. Onun yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus mühüm yer tutur.
Görkəmli şair və maarifçi Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılmışdır.