REGİONLAR
AZƏRBAYCAN ƏRAZİSİNDƏ “QUŞ QRİPİ” İLƏ BAĞLI NÖVBƏTİ MONİTORİNQ BU İLİN NOYABRINDA BAŞLAYACAQDIR
Bakı, 30 avqust (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəliyev AZƏRTAC-a bildirmişdir ki, köçəri quşların miqrasiyasını nəzərə alaraq ölkədə “quş qripi” ilə bağlı növbəti monitorinq payızda keçiriləcəkdir.
Bu il noyabrın əvvəlində Abşeron yarımadasında, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında aparılacaq monitorinqdə Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, Ovçular Cəmiyyətinin mütəxəssisləri də iştirak edəcəklər.
Köçəri və çöl quşlarının ovlanması, satılması, onlardan qida məhsulu kimi istifadə olunmasına qoyulan qadağa qüvvədədir.
Hazırda “quş qripi” xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirilir.