CƏMİYYƏT
Azərbaycan gənclərinin hərtərəfli inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı faktlarla diqqətə çatdırılmışdır
Bakı, 27 yanvar (AZƏRTAC). Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Baş İdarəsində 2 fevral-Gənclər Gününə həsr olunmuş “Gənclər Azərbaycanın gələcəyidir” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Gənc Vətənpərvərlər Birliyinin (GVB) və Daxili Qoşunların Baş İdarəsi tərəfindən təşkil olunmuş tədbirdə Daxili Qoşunlar komandanının birinci müavini - qərargah rəisi, general-mayor Şirin Xəlilov, GVB-nin sədri Muqamət Əliyev və başqaları iştirak etmişlər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə Azərbaycan Gəncləri Gününün təsis edilməsi haqqında ətraflı məlumat verilmiş, bu gün gənclərimizin hərtərəfli inkişafına dövlətimiz tərəfindən göstərilən qayğı faktlarla diqqətə çatdırılmışdır.
Sonra “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı ilə bağlı müzakirələr aparılmışdır.
Vurğulanmışdır ki, gənclərimiz müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin ideyalarına sadiq qalacaq və ölkəmizin xoşbəxt gələcəyi naminə ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər.