CƏMİYYƏT
Azərbaycan gənclərlə bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcək
Bakı, 24 iyul (AZƏRTAC, Ceyhun Rüstəmov). Azərbaycan yaxın gələcəkdə gənclərlə bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə iyulun 24-də ötən altı ayın yekunlarına və qarşıda duran əsas vəzifələrə həsr olunmuş mətbuat konfransında məlumat verib.
Ölkədə uğurlu gənclər siyasəti və dövlət proqramları həyata keçirilir. ARGTMŞ da bu uğurlu siyasətə dəstək verərək, vətəndaş cəmiyyətinin formalaşmasında gənclər və gənclər təşkilatlarının rolunun artırılmasına çalışır. Əsas hədəflərə çatmaq, gənclərin bilik və bacarıqlarını artırmaq, gənclər təşkilatlarının inkişafına nail olmaq üçün 2013-cü ildə üç prioritet istiqaməti əhatə edən gənclər strategiyası (“3G”) qəbul edilib.
Ş.Seyidzadə həmin istiqamətlər barədə məlumat verərək bildirdi ki, gənclər siyasətinə dəstək həmin prioritetlərdən birincisidir. Buraya ölkənin ictimai-siyasi həyatında, gəncliklə bağlı proqramların icrasında gənclərin fəal iştirakının təmin edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi daxildir.
Əməkdaşlıq imkanlarının artırılmasının ikinci istiqamət olduğunu bildirən Ş.Seyidzadə qeyd etdi ki, həyata keçirilən layihə və proqramlar çərçivəsində gənclərin milli, regional və beynəlxalq səviyyədə əməkdaşlığının təmin olunması əsas hədəflərdəndir. “3G” strategiyasının növbəti, üçüncü xətti isə gənclər təşkilatları institutunun gücləndirilməsidir.
Bu məqsədlərə nail olmaq üçün ötən altı ayda bir sıra layihələr həyata keçirilib. Belə ki, Azərbaycanda Avropa İttifaqının “Youth in Action” (“Gənclər fəaliyyətdə”) proqramı çərçivəsində növbəti layihə reallaşdırılıb, gənclərin “QHT-lərin İdarəetmə Akademiyası” (QİDA) çərçivəsində qış sessiyası təşkil edilib, könüllülər üçün yeni proqramlar təqdim olunub. Eyni zamanda, qurumun www.nayora.az saytı fəaliyyətə başlayıb.
Respublikada 260-a yaxın gənclər təşkilatının fəaliyyət göstərdiyini vurğulayan Ş.Seyidzadə onlardan 111-nin ARGTMŞ-nin üzvü olduğunu diqqətə çatdırdı.
Beynəlxalq əlaqələrini gücləndirən ARGTMŞ Avropa Gənclər Forumunun, BMT-nin İqtisadi və Sosial Şurasının üzvü, bu ilin aprelindən isə BMT-nin rəsmi tərəfdaşıdır. Eyni zamanda, qurumun Dünya Gənclər Assambleyasına namizdəliyi də irəli sürülüb. Bu barədə danışan Ş.Seyidzadə Azərbaycanın gənclərlə bağlı bir çox mötəbər tədbirlərə ev sahibliyi edəcəyini diqqətə çatdırdı. Belə ki, avqustun sonunda Bakıda Avropa Gənclər Forumunun idarə heyətinin növbəti iclası keçiriləcək. Avropa Gənclər Forumunun gələn ilin payızında “Avropa gənclər paytaxtı” seçilən Gəncədə keçirilməsi barədə qərar da əlamətdar hadisələrdən biridir. Avropa Şurasının Gənclər Forumu isə oktyabrın 1-5-də Qəbələdə təşkil olunacaq. Forumda 47 ölkədən çoxsaylı nümayəndələrin iştirakı gözlənilir.
“41-ci Dünya Skaut Konfransının və 13-cü Dünya Skaut Gənclər Forumunun 2017-ci ildə Azərbaycanda keçirilməsi də əsas hədəflərimizdən biridir”, - deyə Ş.Seyidzadə vurğuladı.
Sonra jurnalistlərin sualları cavablandırıldı. ARGTMŞ-nin fəaliyyətini işıqlandıran media qurumlarına fəxri fərmanlar təqdim olundu.