“Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda keçirilən silsilə tədbirlərə yekun vurulub
Bakı, 11 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Bakıdakı ali təhsil müəssisələrində keçirilən “Azərbaycan gəncliyi və Heydər Əliyev” mövzusunda silsilə tədbirlərə yekun vurulub.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) AZƏRTAC-a bildiriblər ki, tədbirlər Gənclər və İdman Nazirliyinin, ATGTİ-nin dəstəyi ilə 15-ə yaxın təhsil müəssisəsində keçirilib.
Universitetlərin Tələbə Gənclər təşkilatlarının (TGT) dəstəyi ilə reallaşan tədbirlərdə iştirak edən Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin nümayəndələri ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyev daim gənclərə xüsusi diqqət və qayğı göstərib.
Tələbələr çıxışlarında dahi şəxsiyyətin hər kəsə örnək olan mənalı həyatının və çoxşaxəli siyasi fəaliyyətinin müxtəlif məqamlarından bəhs edib, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.
Xatırladaq ki, silsilə tədbirlər Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında, Azərbaycan Tibb, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad, Azərbaycan Dillər, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Texniki, Azərbaycan Kooperasiya, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetlərində, Azərbaycan Dövlət Dənizçilik, Azərbaycan Dövlət Rəssamlıq akademiyalarında və s. ali təhsil müəssisələrində keçirilib.