İDMAN
Azərbaycan güləş üzrə dünya reytinqində ilk üçlükdə yer alır
Bakı, 18 iyul (AZƏRTAC). İyulun 25-dən 27-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran pri” beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Yarışda iştirak edəcək güləş üzrə yığma komandalar təlim-məşq toplanışlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, iyulun 18-də pəhləvanlarımızın mətbuat üçün açıq məşqi keçirilib.
Sərbəst güləş üzrə Azərbaycan yığma komandası hazırlığın ilk mərhələsini Xaçmaz Olimpiya İdman Kompleksində keçirib. Hazırda təlim-məşq toplanışı paytaxtda, Olimpiya Güləş Mərkəzində davam etdirilir. Hazırlıq prosesində komandamızın üzvləri ilə yanaşı, ABŞ-ın sərbəst güləşçiləri də iştirak edir.
Məşq prosesini izləyən Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov komandanın hazırlığı ilə fikirlərini bölüşüb: “Bu turnir FİLA-nın təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarışlardan biridir. Artıq ölkəmizdə 7-ci dəfə keçirilən və ənənə halını alan bu yarış FİLA tərəfindən 2016-cı ilə qədər müqavilə vasitəsilə ölkəmizə həvalə edilib. Bu turnir Olimpiya Oyunları səviyyəsində yüksək dərəcədə təşkil olunur”.
Prezident İlham Əliyevin bütün sahələrə olduğu kimi, idmana da göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda mötəbər turnirlərin keçirildiyini bildirən baş katib bunun pəhləvanlarımızın dünya arenalarındakı uğurlarının artmasına şərait yaratdığını vurğulayıb. Təsadüfi deyil ki, bu gün Azərbaycan güləş üzrə dünya reytinqində ilk üçlükdə yer alır. Digər ölkələrin idmançıları təlim-məşq toplanışlarını bizim güləşçilərlə keçirməyə, təcrübə qazanmağa can atırlar.
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran pri” beynəlxalq turnirində çox güclü idmançıların yarışacağını qeyd edən Ə.Cəfərov məşqlərin, eyni zamanda, sentyabrda Özbəkistanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını vurğulayıb.
Sərbəst güləş üzrə yığma komandamızın üzvü Hacı Əliyev jurnalistlərin suallarını cavablandırarkən deyib: “Hazırlıqlar yaxşı keçir. Federasiya tərəfindən hər cür şərait yaradılıb. Komandada ümumi ab-hava yüksək səviyyədədir. Güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran pri” beynəlxalq turnirinə ciddi hazırlaşmışıq. Ümid edirəm ki, əziyyətimiz hədər getməyəcək və yarışda uğur qazanacağıq”.
“Qızıl Qran pri” beynəlxalq turnirinin final mərhələsində 39 ölkədən 400-ə yaxın idmançı iştirak edəcək.