İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları” uçuşlarının dəqiqliyinə görə birincilər sırasındadır
Bakı, 16 iyul (AZƏRTAC). Ölkəmizin milli aviasiya şirkəti olan “Azərbaycan Hava Yolları” Moskvanın “Domodedovo” Beynəlxalq Aeroportu tərəfindən keçirilən qiymətləndirmədə uçuşların dəqiqliyinə görə birincilər sırasında yer alıb.
AZƏRTAC “Domodedovo” Beynəlxalq Aeroportunun saytına istinadla xəbər verir ki, müsabiqə hər ay tərəfdaş aviaşirkətlər tərəfindən reyslərin yerinə yetirilməsi tezliyindən və maksimal uçuş kütləsindən asılı olaraq 8 kateqoriya üzrə keçirilir.
İyun ayının nəticəsinə əsasən “Domodedovo” Aeroportunun tərəfdaşları olan xarici daşıyıcılar arasında 188 dəqiq reys yerinə yetirmiş “Lufthansa” ən dəqiq aviaşirkət olub. “Azərbaycan Hava Yolları” isə ay ərzində 111 dəqiq reyslə reytinq cədvəlində növbəti yeri tutub. “Dnepravia” (59 dəqiq reys) və “Japan Airlines” (18 dəqiq reys) də xarici aviaşirkətlərin reytinqində fərqlənənlər arasındadır.