CƏMİYYƏT
Azərbaycan həkimləri Gastro-Hepato Onkoloji Sammitinin konfransında məruzə ediblər
Bakı, 4 yanvar, AZƏRTAC
Misirin İsgəndəriyyə şəhərində Misir Gastro-Hepato Onkoloji Sammitinin onlayn 4-cü Konfransı keçirilib.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının dosenti Gülüstan Babayeva, kafedranın dissertantı Emin Məmmədov və rezident Ayçin Həsənova konfransda məruzə ilə çıxış ediblər.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 10-dan çox ölkə nümayəndəsi maraqlı çıxışlarla, klinikalardan birbaşa bağlantı ilə endoskopik prosedurlar nümayiş etdirməklə və simulyatorlar üzərində müxtəlif treninqlər göstərməklə konfransa qoşulublar.
Gülüstan Babayeva və Ayçin Həsənovanın birgə təqdim etdikləri “Bağırsağın iltihabi xəstəlikləri zamanı maliqnizasiyalar” və Emin Məmmədovun “H.pylori və mədə xərçəngi” mövzusunda məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.