Azərbaycan Hərb Tarixi Muzeyində Kəlbəcər rayonunun işğalına dair tədbir keçirilib
Bakı, 2 aprel, AZƏRTAC
Aprelin 2-də Azərbaycan Hərb Tarixi Muzeyində (AHTM) “1993-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı hərbçilərin, helikopterçilərin və kəlbəcərlilərin göstərdikləri kütləvi qəhrəmanlıq və əhalinin soyqırımı təhlükəsindən xilası” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
AHTM-in rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək bildirib ki, Kəlbəcər uğrunda döyüşlərin üzərindən 25 il keçməsinə baxmayaraq, həmin əməliyyatlarda Azərbaycan Ordusunun fədakarlığı bu gün də xatırlanır. Düşmən 1993-cü il martın 26-da Kəlbəcər rayonunu işğal etmək üçün Ağdərə rayonundan üç, Laçından bir, Ermənistan-Azərbaycan dövlət sərhədindən isə iki istiqamətdən böyük qüvvə ilə hücuma keçib. Həmin ağır dövrdə Kəlbəcər əhalisinin köməyinə Laçın dəhlizi uğrunda döyüşən 701 saylı briqada gəlib. Gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri qəhrəmanlıqla vuruşaraq, sayca dəfələrlə çox olan düşmən qüvvələrinə mətanətlə sinə gəriblər. 701 saylı hərbi hissənin düşmənə ciddi müqaviməti Kəlbəcər rayonunun 60 min əhalisinin təxliyə olunmasına şərait yaradıb.
Tədbirdə Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimləri - polkovnik-leytenant Malik Məmmədov “1992-1993-cü illərdə regionda hərbi-siyasi vəziyyət”, polkovnik-leytenant Vüqar Əliyev “1993-cü il Kəlbəcər əməliyyatının təhlili” mövzularında məruzələrlə çıxışlar ediblər.
Sonda Azərbaycan Ordusunun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs edən “Ultimatum” qısametrajlı sənədli filmi nümayiş olunub.