İQTİSADİYYAT
“Azərbaycan İES” MMC-nin kollektivi 2013-cü ili uğurla başa vurmuşdur
Bakı, 2 fevral (AZƏRTAC). Ölkənin əsas elektrik enerjisi istehsalçısı olan “Azərbaycan İES” MMC-nin kollektivi 2013-cü ili uğurla başa vurmuşdur.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, hesabat dövründə MMC-də enerji blokları və avadanlığın texniki-istismar səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Stansiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması və stansiyanın avadanlığının payız-qış mövsümünə hazırlığı ilə əlaqədar kompleks tədbirlər planı tam həcmdə yerinə yetirilmişdir.
Texniki tələblərə uyğun olaraq aparılmış profilaktiki yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji blokları və avadanlığın dayanıqlı və qənaətli iş rejimləri təmin edilmişdir. Enerji istehsalı üzrə verilən tapşırıqlar tam yerinə yetirilmişdir. Avadanlığın zədələnməsinə və sıradan çıxmasına səbəb ola biləcək qəza hallarına yol verilməmişdir.
Ötən ildə enerji istehsalı üzrə verilən proqnoza tam əməl edilmiş və 7 milyard 633,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal olunmuşdur. Təkcə ötən ilin dekabrında 719,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
İl ərzində enerji bloklarında növbədənkənar açılma olmamışdır.