AZƏRBAYCAN İKİ İLDƏN SONRA ELEKTRİK ENERJİSİ İXRAC EDƏN ÖLKƏYƏ ÇEVRİLƏCƏKDİR
Azərbaycanda mövcud elektrik stansiyalarında yenidənqurma işləri başa çatıqdan, tikilməkdə olan yeni enerji obyektləri istifadəyə verildikdən sonra respublika regionda ən iri elektrik enerjisi ixracatçısına çevriləcəkdir.
Bu barədə AZƏRTAC-a “Azərenerji” ASC-nin vitse-prezidenti Marlen Əsgərov məlumat vermişdir. Onun bildirdiyinə görə, tikinti və yenidənqurma işləri 2009-cu ilin sonuna qədər yekunlaşacaq, 2010-cu ildən isə Azərbaycan elektrik enerjisinə olan daxili tələbatını tam ödəyəcəkdir. Bu il Səngəçal, Quba və Sumqayıt elektrik stansiyalarının istismara verilməsi planlaşdırılır. Gələn il isə Əli Bayramlıdakı “Cənub”, Füzuli rayonundakı su elektrik stansiyası (SES) istifadəyə veriləcək, Mingəçevir SES, Azərbaycan DRES və bir sıra stansiyalarda aparılan yenidənqurma işləri yekunlaşacaqdır.
ASC-nin vitse-prezidenti demişdir ki, indi müəyyən həcmdə elektrik enerjisi ixrac olunur. Yeni stansiyalar hazır olandan sonra əldə ediləcək əlavə güc ixracı artırmağa imkan verəcəkdir. Hazırda Azərbaycan elektrik enerjisinin Gürcüstandan və Türkiyədən keçməklə digər ölkələrə ötürülməsi istiqamətində araşdırmalar aparır.
Xatırladaq ki, Azərbaycanın elektrik enerjisi sisteminin tərkibinə 10 istilik və 6 su elektrik stansiyası daxildir. Enerjinin 90 faizə yaxını istilik, qalan 10 faizi isə su elektrik stansiyalarında istehsal olunur. 2007-ci ildə ölkənin məcmu generasiya gücü 2006-cı illə müqayisədə təxminən 10 faiz artaraq 5500 meqavatdan çox olmuşdur. Cari ildə bu rəqəmin 20 faizdən çox artacağı proqnozlaşdırılır.