İQTİSADİYYAT
“Azərbaycan ilə Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi” mövzusunda konfrans keçirilmişdir
![“Azərbaycan ilə Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi” mövzusunda konfrans keçirilmişdir](/files/2012/1/1200x630/14071442473942012952_1200x630.jpg)
Bakı, 12 aprel (AZƏRTAC). Aprelin 12-də İqtisadi İnkişaf Nazirliyində (İİN) “Azərbaycan ilə Almaniya arasında iqtisadi kooperasiya əlaqələrinin genişləndirilməsi” mövzusunda konfrans keçirilmişdir.
İİN Aparatının rəhbəri Samir Vəliyev iki ölkə arasında işgüzar əməkdaşlığın, o cümlədən iqtisadi kooperasiya əlaqələrinin inkişaf etdiyini demişdir. Almaniyada təşkil edilmiş ixtisasartırma kurslarının əhəmiyyəti barədə məlumat verən Aparat rəhbəri, bu proqramın gələcəkdə də davam etdirilməsinin azərbaycanlı iş adamlarının menecment sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, ölkələrimizin iqtisadi əlaqələrinin daha da inkişafı baxımından əhəmiyyətini vurğulamışdır.
Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin Avropa siyasəti departamentinin direktor müavini Andreas Oberşteller Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərin Almaniyada 1 ay ərzində “iqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçdiklərini bildirmişdir. O demişdir ki, proqram iştirakçıları Almaniyada peşə-hazırlıq səviyyələrinin yüksəldilməsi ilə yanaşı, müəssisələr ilə də birbaşa əlaqələr yaradırlar.
Nazirliyin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın GİZ təşkilatının layihələr üzrə rəhbəri Ronald Şults və digərləri Proqram çərçivəsində görülən işlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, proqramın fəaliyyət müddətində 88 sahibkar və menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq, Berlin, Bonn və s. şəhərlərində tədris və təcrübə keçmişdir.
Sonda ixtisasartırma kurslarında iştirak etmiş menecerlərin təqdimatları dinlənilmişdir.