AZƏRBAYCAN İLƏ AVSTRİYANIN MƏHKƏMƏ VƏ PROKURORLUQ ORQANLARI ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ DAHA DA GENİŞLƏNƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Avstriya Respublikası Konstitusiya Məhkəməsinin sədr əvəzi xanım Bricit Birleyn aprelin 20-də baş prokuror Zakir Qaralov ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, qonağı salamlayan baş prokuror əsası ümummilli lider Heydər Əliyevin 2000-ci ilin iyulunda Avstriyaya rəsmi səfəri ilə qoyulan və dövlətimizin başçısı Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi ölkələrimizin əlaqələrinin Azərbaycan və Avstriya ədliyyə nazirlikləri arasında Anlaşma Memorandumunun imzalanmasından sonra hüquq mühafizə, o cümlədən məhkəmə və prokurorluq orqanları səviyyəsində də genişləndiyini diqqətə çatdırmışdır. Ölkələrimizin baş prokurorluqları arasında imzalanmış Əməkdaşlıq Proqramının qarşılıqlı səfərlər, təcrübə mübadiləsi vasitəsilə işlək mexanizm formasında icra edildiyini bildirən Z.Qaralov prokurorluğun statusu, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq, o cümlədən prokurorluq orqanlarında aparılan islahatlar barədə qonağa ətraflı məlumat vermişdir.
Görüşdə, həmçinin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı mütərəqqi normativ hüquqi aktlar barədə məlumat verilmiş, dövlət ittihamının müdafiəsi üzrə idarənin yenidən qurulması, baş prokurorun yanında korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti, cinayət təqibi zamanı insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində müəyyən edilmiş standartların tətbiqi məqsədi ilə Baş Prokurorluq üzrə “Cinayət təqibi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəalarının İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında” əmr imzalandığı bildirilmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü və onun ağır nəticələri, erməni terrorizmi, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri qonağın diqqətinə çatdırılmışdır.
Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin 2002-ci ildə Bakıda keçirilmiş yığıncağında iştirakından ötən müddətdə Azərbaycanda mütərəqqi dəyişikliklərin və sürətli inkişafın olduğunu söyləyən xanım Bricit Birleyn, ölkəsinin məhkəmə-hüquq sistemi, korrupsiyaya qarşı mübarizə üzrə Avstriya Prokurorluğunda yaradılmış yeni qurum, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın səmərəsinin artırılmasına istiqamətlənmiş institusional addımlar haqqında məlumat vermiş, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Avstriya ilə bağlı təcrübəsinə toxunaraq, rəhbərlik etdiyi məhkəmənin Avropa Məhkəməsi ilə sıx əlaqələri olduğunu bildirmişdir.
Tərəfləri maraqlandıran digər məsələlər üzrə müzakirələrin aparıldığı görüşdə bundan sonra da Azərbaycan və Avstriya məhkəmə və prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inam ifadə olunmuşdur.