Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır
Buxarest, 17 may, AZƏRTAC
Rumıniyanın “Calea Europeana” nəşrində təhlükəsizlik məsələləri üzrə ekspert və prezidentin keçmiş müşaviri Yulian Kifu tərəfindən dərc olunan geniş təhlildə Avropanın yeni təhlükəsizlik arxitekturası, Ukrayna müharibəsinin nəticələri, eləcə də Türkiyə və Azərbaycanın artan geosiyasi rolu analiz edilir.
AZƏRTAC-ın məlumatına görə, məqalədə bildirilir ki, Ukraynadakı müharibə Avropanın təhlükəsizlik sistemini köklü şəkildə dəyişib və qitədə yeni geosiyasi balans formalaşdırıb. Artıq Avropanın təhlükəsizlik konsepsiyası yalnız NATO-nun klassik müdafiə modelinə deyil, həm də regional tərəfdaşlıqlara, enerji təhlükəsizliyinə və strateji nəqliyyat marşrutlarına əsaslanır.
Yulian Kifu yazır ki, Ukrayna bu yeni arxitekturanın əsas elementlərindən birinə çevrilib. Kiyev artıq yalnız müharibə aparan ölkə deyil, eyni zamanda, Avropanın gələcək təhlükəsizlik sisteminin mühüm dayağı hesab olunur. Müəllif bildirir ki, Ukrayna ordusunun əldə etdiyi döyüş təcrübəsi və Qərb strukturları ilə əməkdaşlıq modeli NATO üçün də yeni yanaşmalar formalaşdırır.
Təhlildə Türkiyənin rolu ayrıca diqqət mərkəzindədir. Məqalədə qeyd olunur ki, Ankara Qara dəniz, Yaxın Şərq və Cənubi Qafqaz arasında strateji körpü mövqeyini daha da gücləndirib. Türkiyə həm NATO daxilində, həm də regional diplomatiyada əsas oyunçulardan birinə çevrilib.
Müəllif vurğulayır ki, enerji təhlükəsizliyi və nəqliyyat marşrutları artıq hərbi təhlükəsizlik qədər vacib hesab olunur. Bu baxımdan, Qara dəniz regionunun və Cənubi Qafqazın əhəmiyyəti artıb.
Məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı strateji rol xüsusi qeyd edilir. Bildirilir ki, Azərbaycan qazının Avropaya nəqli və Orta Dəhliz layihəsi Avropa İttifaqının yeni geosiyasi və iqtisadi strategiyasının mühüm elementlərindən biridir. Avropa enerji mənbələrinin şaxələndirilməsi siyasəti çərçivəsində Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.
Təhlildə Rumıniyanın da Qara dəniz regionunda rolunun artdığı vurğulanır. Qeyd olunur ki, Buxarest NATO-nun şərq cinahında mühüm dayaq nöqtəsinə çevrilir və Qara dənizdə təhlükəsizlik siyasətinin formalaşmasında daha fəal iştirak etməyə çalışır.
Məqalədə diqqətə çatdırılır ki, gələcək illərdə Avropanın təhlükəsizlik sistemi daha çevik regional ittifaqlar, enerji bağlantıları və strateji logistika marşrutları üzərində qurulacaq. Ukrayna, Türkiyə, Rumıniya və Azərbaycan kimi ölkələr bu yeni geosiyasi arxitekturanın əsas aktorları sırasında yer alacaq.