İQTİSADİYYAT
Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanlar var
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Fransanın mərkəzləşdirmə və regonlararası əməkdaşlıq üzrə Milli Komissiyanın baş katibi, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin yerli hakimiyyətlərin xarici fəaliyyəti üzrə xüsusi nümayəndəsi Bertran Forun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin müzakirəsi olub.
Nazir müavini son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırıb. İ.Quliyev Azərbaycan ilə Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da dərinləşməsi üçün geniş imkanların olduğunu söyləyib. Xatırladıb ki, Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə Fransanın Şarole cinsindən olan damazlıq heyvanlar (alpin keçiləri) Aqrolizinq ASC vasitəsilə Azərbaycana gətirilib. Həmçinin Quba Regional Aqrar Elm Mərkəzi “Frazer” layihəsi çərçivəsində respublikamıza virussuz tinglər gətirib və intensiv tipli meyvə bağları salınıb. Fransanın “İMV Technologies” müəssisəsindən Respublika Süni Mayalama Mərkəzi üçün süni mayalama avadanlıqları alınıb və bu avadanlıqlar Mərkəzdə fransız mütəxəssislər tərəfindən quraşdırılıb. İ.Quliyev Gəncə şəhərində təşkil olunmuş Beynəlxalq Üzüm və Şərab Festivalında Fransa nümayəndə heyətinin də fəxri qonaq qismində geniş tərkibdə iştirak etdiyini diqqətə çatdırıb.
Bertran For Azərbaycanın meyvə və tərəvəz məhsullarının ekoloji baxımdan təmiz olmasının artıq Avropada bəlli olduğunu qeyd edib və ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa önəm verilməsini yüksək qiymətləndirib. Qonaq iqtisadiyyatın bu sahəsi üzrə iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.