SİYASƏT
AZƏRBAYCAN İLƏ İORDANİYA ARASINDA BÜTÜN SAHƏLƏRDƏ SIX ƏMƏKDAŞLIQ MÖVCUDDUR
Bakı, 15 may (AZƏRTAC). Keçən illə müqayisədə 2010-cu ildə Azərbaycan ilə İordaniya arasında xarici ticarət dövriyyəsi 38,5 faiz artmışdır. Ölkələrimiz müxtəlif sahələrlə sıx əməkdaşlıq edir. Azərbaycan ilə İordaniya arasında dostluq körpusünün təməli hələ ölkəmiz keçmiş Sovetlər İttifaqının tərkibində olarkən qoyulmuşdur.
İordaniyada Azərbaycanın səfirliyi 2006-cı ildə açılsa da, dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Son dörd ildə 30-dan artıq sazişin imzalanması belə deməyə əsas verir. Bu müddətdə Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı əlahəzrət II Abdullah ibn əl-Hüseyn ümumilikdə 4 dəfə görüşmüş, Bakıda və Əmmanda ölkələrimizin iş adamlarının iştirakı ilə 3 dəfə biznes forum keçirilmişdir.
Bundan əlavə, İordaniya Bakıda öz məhsullarının sərgisini təşkil etmişdir. Cari il mayın 12-də isə Azərbaycan ilə İordaniya arasında hərbi əməkdaşlığa dair daha bir sənəd imzalanmışdır. Humanitar sahədə də əlaqələr yüksək səviyyədədir. Keçən il Azərbaycanda İordaniyanın mədəniyyət günləri keçirilmişdir. İordaniyada yaşayan azərbaycanlıların sayı az olsa da burada İordaniya-Azərbaycan dostluğu cəmiyyəti fəaliyyət göstərir. Görülən işlər və sadalanan faktlar ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmliyindən xəbər verir.